SON XƏBƏR
  • 20.02.2014 - 12:31
    Coşqun:"Evinə bax, ailənə bax, gör orada kişilik edə bilirsən ki,,"-FOTOLAR
    Coşqun:   “Bizi qınayanlar onu anlasın ki...”


    "Bu şəhərdə" yumor qrupunun prodüseri Müşfiq Abbasov ilə  sevilən aktyorları Rafael və Coşqunun “Qafqazinfo”ya müsahibəsi:

    - Coşqun bəy, hazırda səhhətiniz necədir? Müalicəniz davam edirmi?

    Coşqun: Səhhətim çox əladır. Baxmayaraq ki, tez-tez həkim nəzarətində oluram, amma hər şey qaydasındadır. Çox sağ olun ki, maraqlanırsınız.

    - Həkim nəzarəti nə vaxta kimi davam edəcək?

    Coşqun:  Müalicəyə hələ ki, ara verilib. Lakin hər il analizlər götürülür. Yəqin ömrümün axırına kimi müayinə olunacam.

    Müşfiq: Coşqun, arzu edirəm ki,  bundan sonra  50 il də müayinə olunasan.

    - Mart ayında illik “Qızılgül” konsertiniz baş tutacaq. Konsert hazırlıqları necə gedir?

    Coşqun: Mütamadi məşqlərimizi edirik, hazırlıq gedir. Geyimlər, aksesuarlar, səhnə üçün lazım olan ləvazimatlar hazırdır. Hər şey  səhnədə göründüyü kimi asan deyil, çətinliklərimiz çoxdur. Bu çətinlik Rafael, Müşfiq və mənə aiddir və biz bunun öhdəsindən gəlirik.

    -Bu dəfə tamaşaçıları hansı sürprizlər gözləyir?

    Rafael: Tamaşaçıları yeni maraqlı səhnəciklər, parodiyalar gözləyir. Gündəmdə olan bir veriliş, müğənni Nadir Qafarzadə, “Natiq” ritm qrupu, meyxanaçılar parodiya olunacaq.

    - İllər öncəki tamaşaçını,  yoxsa indiki tamaşaçını güldürmək asandı?

    Rafael: Tamaşaçı zəmanəyə uyğun olaraq dəyişir, Müşfiq də səhnəcikləri zəmanəyə uyğun yazır və biz də aktual  hadisələri canlandıraraq tamaşaçının zövqünü oxşaya bilirik.

    - Qəbələdə konsert proqramı ilə çıxış edəcəksiniz?

    Müşfiq: Bu konsertin baş tutması haqda dünən qərara gəldik.  İnşallah, martın 23-ü Qəbələdə, aprelin 5-i Naxçıvanda, aprelin axırı isə Moskvada   konsertimiz olacaq. Ural zonasında da konsert verməyi planlaşdırırıq.

    - Qadın obrazını canlandırmağınıza görə tənqid edilmişdiniz. Bu tənqidlər sizdə hansısa ruh düşkünlüyü yaratmır?

    Rafael: Qadın obrazını canlandırmaq bizim üçün problem olmayıb, bunu tənqid edənlər üçün  problem olub. Onlar bu problemlə yaşayıblar və biz işimizi görürük, sənətimizlə məşğuluq. Qadın rolu oynamışıq, oynayırıq, yenə də  oynayacağıq. Bizi qınayanlar onu anlasın ki, burada rolları iki aktyor canlandırır. Qadını da, kişini də, uşağı da, nənəni də, babanı da, iti də, pişiyi də  özümüz oynayacağıq.

    Coşqun: Kişinin qadın obrazını canlandırmasını problem etmək artıq çeynənmiş mövzudur.  Cılız insanlar bizi qıcıqlandırmaq üçün belə söhbətlər yaradırlar. Qadından qorxan, qadının hislərini anlamayan, kişi kimi fəaliyyət göstərə bilməyənlər belə cılız müzakirələr aparırlar.  Onların qadınlarla problemi var. Əgər bu iki aktyorun teatrıdırsa, qadın obrazını kim canlandırmalıdır? Əgər qadın obrazları görmək istəyirsənsə, başqa teatra get, özünə aid olan mövzulara toxun, evinə bax, ailənə bax, gör orada kişilik edə bilirsən ki,  bizim canlandırdığımız qadın obrazlarını qınayırsan. Yəqin onu kişi kimi saymırlar ki, qadın mövzularına toxunur.

    Rafael: Bəyənməyən bizə baxmasın, ən asan yol budur. Heç kimi məcbur televizorun qarşısında oturtmurlar, zala güclə gətirmirlər. Bizim öz tamaşaçımız var, gəlib bizi dəstəkləyirlər.

    Coşqun: Bizdən əvvəl tamaşaçılarımız bizi tənqid edənlərin cavabını verir, heç bizim belə söhbətlərə qoşulmağımız lazım olmur. “Bu şəhərdə” kimlər yaşayırsa, biz hamısını canlandırırıq. Artıq Söhbətlər yersizdir.

    Müşfiq: Könül xanım, sizin saytın rəhbəri Elbrus Ərud konsertimizə özü bilet alıb, gəlib həm jurnalist, həm tamaşaçı kimi izləyib, sonra gedib gördüklərini yazıb. O yazmadı ki, Coşqun Rafael qadın obrazı ilə səhnəyə çıxdı, ümumi pis, yaxşı fikirlərini yazdı. Bəziləri var ki, xahiş edir, dəvətnamə alır, gəlir. Bir-iki dəfə dəvətnamə verirsən, üçüncüdə verməyəndə küsür, tənqid etməyə başlayır.

    - Sizə görə aktyor hansı obrazı canlandıra bilməz?

    Rafael: Aktyor yaxınına, ailəsinə  maneə törədəcək, ziyan verəcək obrazdan imtina edə bilər. Aktyorun obrazı canlandırmaqdan imtina etməyə ixtiyarı var, amma oynaya bilməmək söhbəti ola bilməz. Aktyor aldığı obrazın üzərində işləməlidir, bacardığı qədər tamaşaçıya çatdırmalıdır.

    Müşfiq: Həyatda elə mövzular var ki, ona toxunmaq olmaz. Şikəst insanın hansısa qüsurlu cəhətini lağa qoymaq,  müqəddəs insanları parodiya etmək, müqəddəs kəlamları lağ-lağı hədəfinə çevirmək olmaz, tamaşaçı bunu qəbul etməz. Hər insanın öz müqəddəs məfhumları var. Biz heç vaxt  müqəddəs mövzulara toxunmamışıq və toxunmayacağıq. İyunun 1-i “Beynəlxalq Uşaqların Müdafiə Günü” ilə əlaqədar dövlət tədbirində idik, zalda kimsəsiz uşaqlar əyləşmişdi. Bilirsiniz ki, el arasında atasız-anasız uşaqlar yetim adlandırılır və bir savadsız, təfəkkürsüz  müğənni səhnəyə çıxıb uşaqları təbrik etdikdən sonra “Nə baxırsan yetim, yetim” mahnısını ifa etməyə başladı. Atasız-anasız uşaqlara belə mahnı oxumaq hansı şüura sığır?  Yəni elə zarafat var ki, onu ofisdə edə bilərik, ailədə edə bilərik amma səhnədə edə bilmərik. Sadəcə hər şeyin yerini bilmək lazımdır.

    Coşqun: Mənim fikrimcə isə aktyor öhdəsindən gələ bilməyəcəyi obrazı öhdəsinə götürməməlidir.

    - Gələcəkdə “Bu şəhərdə”nin teatrını açmağı düşünürsünüzmü?

    Coşqun: Bizdən öncə artıq bu adda məkan, mağaza, kafe açıblar. Allah xeyirlərini versin.  İnşallah, belə bir fikrimiz var, təki canımız sağ olsun, bu arzumuz həyata keçsin. Təbii ki, “Bu şəhərdə”nin teatrı olmalıdır. 1993-cü ildən artıq 21 ildir bu səhnədəyik, sağlam tənqidə  hər zaman yaxşı münasibətimiz var. Bir-birimizi qınadığımıza, alçaltmağa çalışdığımıza dəstək, kömək olsaq, daha məqsədəuyğun olaraq.

    Rafael: Əsas odur insan çörəyə görə gərək mənəviyyatını tapdalamasın.

    - Hazırda sənətçilər sənətdən çox qalmaqallarla gündəmə gəlirlər. Sizin münasibətiniz necədir?

    Coşqun: Biz sovet məktəbi görmüşük, bu işə başlayanda da qalmaqalın qulpundan tutmamışıq, gündəmə gəlmək məqsədimiz olmayıb, sadəcə sənətimizi nümayiş etdirmək istəmişik və istəyirik.

    Rafael: Biz sırf sənətimizlə məşğuluq. İncəsənət Universitetinin Dram aktyoru fakültəsini bitirmişik.  Şəfiqə Məmmədova,  Şahmar Ələkbərov, Şükufə Yusifova,  Fuad Poladov kimi müəllimlərdən təhsil almışıq. Sonra çətinliklə efirə çıxmışıq, lakin qalmaqala əl atmamışıq. Atı da hər gün efirdə göstərsələr, tanınar, sevilmək isə başqa şeydir. Hər kəsin öz mövqeyi var.

    Müşfiq:  Heç vaxt heç kimlə qalmaqala başlamamışıq. Bizə söz deyiblər, daha sonra cavabını alıblar. Bir əhvalat danışım. Gəncədən gələndə üçümüz bir avtomobildə gəlirdik, Elza Seyidcahan da Bakıya bizimlə qayıdası oldu. Yolda ondan soruşduq ki,  mahnı oxuyursan və orada ha-ha-ha edirsən, burada sən gülürsən, ağlayırsan? O dedi ki, bu bir tarixi faktdır. Mikayıl Müşfiqi zindandan  edam etməyə aparanda o ironiyalı gülüşlə o məsafəni qət edib və Stalinə göstərib ki, ondan güclüdür. Lakin bu faktı Elza xanım efirdə demir, hərə də bu mahnı haqda bir cür fikirləşir.

    Coşqun: Biz birdən-birə populyarlaşmamışıq. Tamaşaçılar bizi görəndə konsert tələb edir. Deyirlər, konsertin sayını çox edin, izləməyə maraqlı veriliş yoxdur. Bəziləri də oturub bizim pulları sayırlar. Düşünürlər ki,  on günü filan qiymətə vuranda nə qədər qazanırlar. Amma xərclərimizi hesablamırlar.

    Müşfiq: Son səkkiz ildə xərclərimiz artsa da, bilet qiymətlərimizi qaldırmırıq. Əgər tamaşaçı bu qiymətə öyrəşibsə, xərclərini buna uyğun hesablayıbsa, qiyməti necə qaldıra bilərik?  İnşallah bu dəfə konsertimiz on iki gün olacaq. Allahdan sonra tamaşaçılarımız sağ olsun ki, bizə kömək olur. Bizimlə birlikdə 80 nəfər insan çalışır, onlar konsertin hər gününə görə qonorar alır.  Heç kim bunu düşünmür.

    Coşqun: On-on iki gün biz konsert veririk, digər sənət dostlarımız on beş gün konsert versin. Tamaşaçı bizimlə onları müqayisə etsin, onlar başqa janra toxunsun, biz başqa janra toxunaq.  Evdə kimisə güldürürsənsə, bu o demək deyil ki, səhnəyə çıxmalısan.

    Rafael: Paxıllıq hamının genində var. Bəziləri o hissi özündə boğur, kimsə büruzə verir. Bizə paxıllıq edənlərə demək istəyirəm ki, çalışıb uğur qazansınlar.

    Müşfiq: Sizin sayt yeni fəaliyyətə başlayanda oxucu sayı çox az idi, lakin indi ölkədə ən çox oxunan saytdır. Daha əvvəl əsasən siyasətdən yazılırdı, lakin getdikcə bölmələr artdı. Bəzən texniki problemlər də olur, sayt açılmır. Bizim işimiz də belədir, əvvəllər 20 tamaşaçımız vardısa, indi yüzlərlədir.

    - Parodiya etdiyiniz sənət adamlarından sizdən inciyənlər olub?

    Coşqun: Bizdən inciyən olmayıb.  Ötən gün verilişdə Könül Kərimova dedi ki, nə yaxşı siz məni parodiya etdiniz, öz minuslarımı düzəltdim. Biz heç kimi təhqir etmirik, onların mənfi cəhətlərini göstəririk. Çoxları deyir bizi parodiya edin, gündəmdə olaq.

    Müşfiq: Bəzən isə olub ki, hansısa bozbaş müğənnini parodiya etmişik. Konsertdən sonra yaxınlaşıb deyib ki, halaldı bozbaşları nə yaxşı tənqid elədiniz. Özü bilir onu nəzərdə tuturuq, lakin elə göstərir ki, bu səviyyəli ifaçıdır. Korifeydir, biz bilmirik.

    - Aktyorluq sənətinə hazırda bir axın var. Bu sahədə sizi narahat edən nələrdir?

    Rafael: Aktyorların sayı getdikcə azalır. Narazı olduğum yeganə məqam tamaşaçıların teatra olan münasibəti idi. Son illər yavaş-yavaş bu narahatlığıma son qoyulur.

    Coşqun: Mədəniyyət əsasən evdən başlayır, sonra məktəbdən öyrənilir. Cəmiyyət, danışıq, davranış, sürücülük mədəniyyəti var. Bunlar doğru olsa, hər şey düzələcək. Gənc, istedadlı aktyorlarımız, ssenaristlərimiz var. Deyirlər filan kəs getdi, yeri boş qaldı. Təbii ki, gedənlərin yerini doldurmaq olmur.  Biz də gedəcəyik yerimiz boş qalacaq, amma bizdən yaxşı aktyorlar  gələcək. Heç kim təkrar olunmur.

    - Pedaqoq kimi fəaliyyət göstərirsinizmi?

    Coşqun: Aktyorluq verilən istedaddır. Yaxşı aktyor yetişdirmək üçün pedaqoqlarımız var. Bizim müəllimlik etməyimiz doğru deyil.

    - Səhnədə başınıza gələn ən yadda qalan , gözlənilməz hadisə hansıdır?

    Müşfiq: İki il bundan əvvəl Rafael səhnədə toy tamaşasını oynayırdı, səhnənin arxasında Coşqun huşunu itirdi. Rafaelə başa saldıq ki, mətni uzatsın. O da nə baş verdiyini anlamadı, bir tərəfdən  səhnəni uzatdı, bir tərəfdən də gözü bizdə qaldı ki, görən nə baş verib. Coşquna ilk tibbi yardım göstərdik, ayıltdıq və Coşqun səhnəyə çıxdı. Həmin gündən etibarən hər konsert günü sarayın arxa girişində tibbi yardımın nümayəndələri bizi gözləyir. Konsertdən əvvəl Rafael və Coşqun müayinə olunur.  Bir dəfə isə sarayın foyesində qadın yıxılıb qolunu qırmışdı. Bizim çağırdığımız həkimlər ilk tibbi yardım göstərilib, xəstəxanaya göndərdilər. 

    - Tamaşaçılara və oxuculara sözünüz

    Müşfiq: Oxuculara demək istəyirəm ki, şərh yazmaq xətrinə şərh yazmasınlar. Məntiqi fakt yazsınlar, sağlam tənqid yazsınlar. Oxucularınızın sayı çox olsun, canları sağ olsun. Tıxaclar bol olsun ki, biz də rahat oturub saytda yerləşdirilən xəbərlərinizi oxuyaq.

    Rafael: Oxucuların canı sağ olsun, dincəlməyə də,  şərh yazmağa da vaxtları olsun.


    Baxış sayı:
    227
    Müəllif:
    Baku today
    BÜTÜN XƏBƏRLƏR
    Digər xəbərlər

    Günün Fotosu
    İtkinlər
     Diqqət! Məktəbli uşaqlar Bakı metrosunda itirdiklərini axtarırlar

    Valyuta hesablama
    18-07-2019
  • Hesabla
  • bakutoday.az | © 2012 - 2019
    © Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad
    mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq
    keçidin qoyulması mütləqdir.

    Paylaşım:
  • HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ


  • Design By
    Site by Javid Sultanov Studio