SON XƏBƏR
  • 09.10.2014 - 15:57
    İŞİD-dən və ermənidən qaçanlar
     İŞİD-dən və ermənidən qaçanlar

    İŞİD təhlükəsi şiddətlə böyüməkdədir. Açıq deyirəm, mən özüm indiyədək bu problemi bu qədər ciddiyə almırdım. Amma indi ciddidən-ciddiyə qorxuram da! Adamlar əməlli-başlı dövlət qururlar və nə danaq, əzmlə döyüşməkdədirlər.
    Son məlumatlara görə, radikal İslam Şərqində onları dəstəkləyənlərin sayı artmaqdadır. Yaxınlarda Talibandan 1500 nəfər döyüşçü qoşulub onlara. İŞİD “hərəkatı”nın ən faciəvi yanlarından biri də Suriyadan gələn qaçqınlardır.
    Qaçqınlardan milyon yarımını yalnız Türkiyə qəbul edib. Hesablamalara görə, indiyədək Türkiyə hökuməti bu insanlar üçün 4 milyard dollar xərcləyib. Mütəxəssislərin fikrincə, bu, xeyli böyük rəqəmdir. O qədər də varlı sayılmayan qardaş ölkənin qaçqınlara sığınacaq verməsini türk mediası belə yozur: 77 milyon 1 milyon 500 mini bəsləmək məcburiyyətindədir. Bunun yaşayış yeri var, ərzağı var, tibb xərcləri var... Üstəlik, Qərbdə düşünənlər var ki, Türkiyə həm də öz silahlı gücü ilə İŞİD-in üstünə getməlidir. Ölkənin hər tərəfini İŞİD əleyhinə aksiyalar bürüdüyü və bir çox ilçələrdə “küçəyə çıxma yasaq”ı elan olunduğu vaxtda beynəlxalq siyasi münasibət uzmanları telekanallardan bar-bar bağırırlar ki, türk qoşununun sərhədi keçərək açıq müharibəyə girməsi çox riskli olar. Bu, çoxluğun düşündüyü qədər sadə iş deyildir.

    Üstəlik, uzmanlar tərəfindən, ABŞ da başda olmaqla, Qərb ciddi şəkildə tənqid olunur. İŞİD-i yanlış Orta Şərq siyasətinin nəticəsi, Qərbin müsəlman coğrafiyasında yaratdığı bataqlıqda yetişən meyvə hesab edirlər. Bu halda, daşın altına hamının əl qoyması gərək.

    Nə isə...

    Məqsədim bu mürəkkəb siyasi vəziyyəti təhlil etmək deyil. Buna həddim də çatmaz. Amma bəlli qarışıqlıq içərisində diqqətimi çəkən başqa bir məsələni bölüşmək istəyirəm.
    Türkiyəli uzmanlar bir milyon yarım qaçqın faktının Avropa cəmiyyətinə yetərincə çatdırılmadığını iddia edirlər. Onların fikrincə, siyasətçilər bu faktı bilsə də, işlərinə gəlmədiyi üçün gözardı edir, Avropa ictimaiyyəti əsl həqiqətlərdən xəbərsiz qalır. Halbuki, Türkiyənin necə ağır bir yük altına girdiyini hamı dərk etməli, bu çətin sınaqdan şərəflə çıxması üçün bütün dünyanın tərəqqipərvər insanları bir araya gəlməlidir.

    Hey gidi dünya!
    O zaman Azərbaycana baxaq...

    Ermənistandan 400 min qaçqın, keçmiş Dağlıq Qarabağ və ətraf rayonlardan isə 600 min məcburi köçkün... Bir milyon nəfər! Və bu bir milyon nəfəri qovan ölkənin cəmi 3, qəbul edən ölkənin isə 9 milyon nəfər əhalisi var. 3 milyon 1 milyonu qovur, 9 milyon onu bəsləmək məcburiyyətində qalır. Kimsəyə yalvarmadan, xahiş etmədən, öz yarasını özü bağlayaraq...

    Üstəlik, zorla cəlb olunduğumuz müharibə...

    Biz nələrə dözdük, İlahi?
     

    Baxış sayı:
    197
    Müəllif:
    Baku today
    BÜTÜN XƏBƏRLƏR
    Digər xəbərlər

    Günün Fotosu
    İtkinlər
     Diqqət! Məktəbli uşaqlar Bakı metrosunda itirdiklərini axtarırlar

    Valyuta hesablama
    21-09-2018
  • Hesabla
  • bakutoday.az | © 2012 - 2018
    © Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad
    mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq
    keçidin qoyulması mütləqdir.

    Paylaşım:
  • HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ


  • Design By
    Site by Javid Sultanov Studio