SON XƏBƏR
  • 27.01.2016 - 17:33
    Prezidentin məmurlara təklif etdiyi maşın-FOTO
    Prezidentin məmurlara təklif etdiyi maşın-FOTO

       Əsas modellər 14-22 min manatlıq "Lifan 820" və "Lifan 720"dir.

     
    Ötən gün prezident İlham Əliyev Azərbaycan məmurlarına xidməti maşın kimi Naxçıvanda istehsal edilən "NAZ Lifan" markalı maşınlardan istifadə etməyi məsləhət görüb.

    ANS PRESS-in məlumatına görə, dövlət başçısı “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət proqramı”nın icrasının ikinci ilinin yekunlarına həsr olunmuş konfransda çıxışında bunun ölkədən xaricə axan valyutanın qarşısını alacağını bildirib. O deyib ki, indi o vəziyyət deyil ki, kimsə özü üçün xüsusi bir avtomobil alsın, özü də dövlət hesabına. "Bizim Naxçıvanda avtomobil zavodumuz var, dövlət qurumları oradan alsınlar. Yaxşı da maşınlardır. Heç xarici maşından o qədər də fərqlənmir".

    Naxçıvan Avtomobil Zavodunun (NAZ) direktoru Musa Abdullayev ANS PRESS-ə açıqlamasında ölkə başçısının bu addımının onlar üçün "yaşıl işıq" olduğunu bildirib: "Prezident bizim işimizə dəyər verdi. Çiyinlərimizə əlavə yük qoydu, biz də bunun öhdəsindən layiqincə gəlməyə çalışacağıq. Onun bu addımı yerli istehsalın gücünü artıracaq".
    Onun sözlərinə görə, bu gün zavodun kifayət qədər imkanı var ki, məmurları maşınlarla təmin etsin. İndiyədək 5 mindən çox maşın istehsal edilib. Lazım gələrsə, iki növbəli işləyib bu say 10 minə, və ya əlavə işçi qüvvəsi götürüb 15 minə də çatdırıla bilər. Əsas odur ki, alıcı qüvvəsi çox olsun.

     
    Bəs məmurlara adıçəkilən zavodda istehsal edilən hansı modellər təklif edilə bilər? Bu gün söhbət əsas iki modeldən gedir - "Lifan 820" və "Lifan 720". Dövlət məmurlarının bir çoxunun xidməti maşınının qiyməti 80-200 min avro arasında dəyişir. Öz istehsalımız olan "Lifan"ların qiyməti isə bundan daha aşağıdır. "Lifan 820"nin qiyməti 22 min, "Lifan 720"i isə 14 min manat civarındadır. Birincinin sürət qutusu avtomat, "Lifan 720"də isə mexanikadır. Qeyd edilən modellər şəhər içi 100 kilometrə 8-9 litr yanacaq işlədir.


    Musa Abdullayev deyir ki, bu maşınlar rahatlıq baxımından hal-hazırda məmurların istifadə etdiyi modellərdən heç də fərqlənmir.
    Yerli avtomobillərin alınmasının mühüm üstünlüyündən danışan direktor onların xarici analoqlarından xeyli ucuz olduğunu deyir. "Bu avtomobillərin hissələri digər "inomarka"lardan fərqli olaraq daha ucuzdur. Düzdür, devalvasiyadan sonra qiymətlərdə fərq olacaq, çünki maşının 100% hissəsi Çindən gətirilir, Naxçıvanda yığılır. Amma bu yaxınlarda Çinə səfər etmək və qiymətlərdə razılığa gəlməklə bağlı bir fikrimiz də var. Biz də istəmirik ki, qiymətlər çox qalxsın, əksinə, alıcı qüvvəsi çoxaldıqdan sonra bəzi güzəştlər etmək niyyətindəyik".

    Hazırda NAZ-ın ölkə ərazisində 3 yerdə servis mərkəzi var: Naxçıvan, Bakı və Gəncədə. Amma avtomobillərin satışının artması ilə əlaqədar, lazım gələrsə, mərkəzlərin Xaçmaz, Lənkəran və Şəkidə də açılacağı gözlənilir.

    Naxçıvan Avtomobil Zavodu (NAZ)
    2006-cı ildə Naxçıvan Muxtar Respublikasında əsası qoyulan avtomobil zavodudur. 2009-cu ilin may ayında Pekində keçirilən Çin-Azərbaycan biznes-forumu çərçivəsində Naxçıvan Avtomobil Zavodu və Çinin "CHONGQING LIFAN INDUSTRY (GROUP) IMP. & EXP. CO., LTD." Avtomobil Korporasiyası arasında əməkdaşlıq sazişi imzalandı. Sazişə əsasən, Naxçıvan şəhərində "LİFAN" markalı minik avtomobillərinin istehsalı təşkil olundu. Naxçıvan Avtomobil Zavodu 2010-cu ilin yanvar ayının 11-də istismara verilib.
     

    Baxış sayı:
    408
    Müəllif:
    Baku today
    BÜTÜN XƏBƏRLƏR
    Digər xəbərlər

    Günün Fotosu
    İtkinlər
     Diqqət! Məktəbli uşaqlar Bakı metrosunda itirdiklərini axtarırlar

    Valyuta hesablama
    16-10-2018
  • Hesabla
  • bakutoday.az | © 2012 - 2018
    © Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad
    mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq
    keçidin qoyulması mütləqdir.

    Paylaşım:
  • HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ


  • Design By
    Site by Javid Sultanov Studio