SON XƏBƏR
  • 17.03.2016 - 18:18
    Vətənin nə gözəl gülləri varmış...
    Vətənin nə gözəl gülləri varmış...

        Yaz duyğuları......

        Yurdumuzda yazın nəfəsi duyulur, təbiət oyanır. Ana torpağın bitirdiyi və yetirdiyi çiçək qoxusu ətrafa yayılır. İlahi bir məkanın  - qaya səltənətinin sakini zərif çiçəklərə və kövrək güllərə baxdıqca baxır, heyrətini gizlədə bilmirsən...Qayaların sırtında bitən güllər həm də qaya sərtliyinin ağılagəlməz bir gözəllik nişanəsidir. Qaya sərtliyi və çiçək zərifliyi təzadlı olduğu qədər də möhtəşəmdir. Təbiətin möcüzəsinə bax, daş üstündə gül bitirib, gözəlliyə könül verib ki, göz oxşasın, qəlbə sevinc bəxş etsin.  Gözlərin doyunca təbiətin tamaşasına bax! Heç inanmıram belə bir gözəllikdən göz doya bilər.

        ...Qarlı qışın ardınca Vətən torpağının sinəsində yaz göyərər. Gözümdən uzaq, könlümə yaxın yaylaq yerlərimizin məxmər çəmənindən bir çiçək boylanar. Yurd yerimizin  köksündə ürək kimi döyünən bir çiçək həsrətindəyəm. O bircə çiçəyin qoxusu qanadlı mələklər kimi könlümü çəkib ulu yerlərə səsləyər, hey səsləyər. Ustad şairimiz Məmməd Aslanın görüşlərimizin birində dediyi sözləri əzizləyə - əzizləyə xatırlayıram:" Daşının - qayasının üstündə gül bitirən heyrətli bir Vətənimiz var. Onun nə qədər möcüzələrinin şahidi oluruq. Bir çiçək ləçəyinə əlvan göy qurşağının bütün rəngləri, çalarları hopur... Sıldırım qayanın kökü torpağa bağlandığından üstündə bihuşedici güllər, çiçəklər bitir."

         Hər yaz torpağın qoynundan baş qaldıran gülünə, çiçəyinə bülbül gətirən təbiətin müdrikliyinə bax! Ömrümüzün çiçək qoxulu, yaz yuxulu çağlarında gecələr yuxumuza  türfə gözəllərdən ərmağan gül gətirərdi.

         El yaylağa köçəndə o bircə çiçəyin dövrəsində bir büsat qurular ki...Bir çiçəyin qoxusu insanın gözündə oyanmış təbiəti canlandırır. Tanrı çiçəyinə şairlər necə  dəyər verib.  Zəlimxan Yaqub yazıb:

    Qar yağırdı, qış günüydü mən olanda,

    İndi məni bir çiçəkli yaz öldürsün.

      Ramiz Rövşən isə

    Çiçəklər doğulur bu yaz gecəsi,

    Bu yaz gecəsində ölməyə nə var? -deyib. Gözəl də deyib!

         Mən də bu qüdrətli şairlərdən sonra cürət edib sözə sığal verdim, gülün - çiçəyin adaşının nazını belə çəkdim. Mən onu bir çiçəyə çox oxşadıram. Dilimdəki sözlər o səbəbdən belə qanad açdı:

    Arı şirə çəkdi, o bağdan uçdu,

    Çiçəyin ləçəyi  budağdan uçdu.

    Gör hansı vədədən, ha çağdan uçdu

    Ən zərif, ən təzə - tər çiçək, Çiçək?!

     

    Çiçəklə adaşsan, güllə tən, sənin

    könlünü dərəmməz, hər yetən sənin,

    Nazına bürünüb  bu Vətən sənin,

    Çıx gülşən seyrinə, dər çiçək, Çiçək!

    Çiçək dərə - dərə boylan  Günəşə,

    Ömrün gül - çiçəkli  olsun həmişə.

    Yayda ağ çiçək ol, yazda bənövşə,

    Könlünə köç etsin hər çiçək, Çiçək!

     

        İşə bax ki, təbiətin gülü - çiçəyi qoynunda keçən uşaqlıq illərimlə ömrümün bu çağı bir  - biri ilə eləcə hesab çəkir. Təbiət məni qoynuna səslədikcə yaşın çağ dönüşünü ləngidir elə bil. Ömrün yarı yaşında təbiətin qoynuna həsrət çəkə - çəkə sözə qələm çəkirəm:

    Göynədər gözümdə şeh hərdən məni,

    Çeşmələr çağırar şəhərdən məni.

    Görməsəm yandırar qəhərdən məni

    Yaylaq həsrətimə şərik dağları...

           Mənim gözlərimdə közərən lalələrin çırağına elə bu günlərdəcə görün  necə pərvanə eşqi ilə tuş gəldim?! Baxanda az qaldı havalanım. Necə də gözəl çıraqbandı lalalər! Yaz meylinnən gələn bu lalələr nübardı ki, nübardı... Bu xəlvətdə  qərib - qərib duruş gətirib. Könlümün minnəti olsun ki, közərən lalələr bir gün şəhərdə də məni gördü, mənə baxdı, qəlbimi yandırıb yaxdı. Şəhər könlümü yenə saz üstündə, söz üstündə dilləndirdi:

    Səni kim gətirib ay boyu bəstə,

    Köçmüsən şəhərə hansı həvəsdə?

    Əyilim, qarşında qoy dizim üstə,

    Əyilim, üzünü qoy üzüm üstə...

    Sən bitən yerlərə yenə iz düşər,

    Lalə çırağından cana köz düşər,

    Dünya bələd olar tüstümə, lalə!

    Yenə nə durmusan qəsdimə, lalə?

          Azərbaycan təbiətinin nə gözəl gülləri varmış, ilahi! Təpədən - dırnağa təbiətin özünə oxşayan, Azərbaycan təbiətinin torpaq adlı gövhərindən boy verən ilahi gözəllikləri şeirlərində yaşadan şair Musa Yaqub da gözəl deyib:

    Burda hər yamacın çiçəkdir daşı,

    Burda hər çiçəyin şehdir göz yaşı.

    Burda şeh damlası bir üzük qaşı,

    Hər qaşın qızılı qurşağı vardır.

    Harda bu saydığım gözəllik olsa,

    Orda Azərbaycan torpağı vardır.

     

                              Həzi Həsənli,

    Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair - publisist.

    Baxış sayı:
    452
    Müəllif:
    Baku today
    BÜTÜN XƏBƏRLƏR
    Digər xəbərlər

    Günün Fotosu
    İtkinlər
     Diqqət! Məktəbli uşaqlar Bakı metrosunda itirdiklərini axtarırlar

    Valyuta hesablama
    18-11-2017
  • Hesabla
  • bakutoday.az | © 2012 - 2017
    © Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad
    mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq
    keçidin qoyulması mütləqdir.

    Paylaşım:
  • HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ


  • Design By
    Site by Javid Sultanov Studio