SON XƏBƏR
  • 05.09.2017 - 08:31
    İlham Əliyev Bakının bu məktəblərində yenidənqurma işlərindən sonra yaradılan şəraitlə tanış olub
    İlham Əliyev Bakının bu məktəblərində yenidənqurma işlərindən sonra yaradılan şəraitlə tanış olub

    Sentyabrın 5-də Azərbaycan Prezidenti İlham Əliyev Bakının Nizami rayonundakı şəhid Xalid Quliyev adına 62 saylı məktəb-liseydə həyata keçirilən əsaslı təmir və yenidənqurma işlərindən sonra yaradılan şəraitlə tanış olub.

    Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov görülən işlərlə bağlı dövlətimizin başçısına məlumat verdi.

    Bildirildi ki, 41 sinif, 2 informatika, 3 laboratoriya otaqlarından, hərbi təlim sinfindən idman və akt zallarından, yeməkxanadan ibarət məktəbin mövcud korpusu 1964-cı ildən fəaliyyət göstərir. Məktəbdə əsaslı təmir işləri Azərbaycan Prezidentinin Sərəncamı ilə təsdiq edilmiş “2014-2016-cı illərdə Bakı və ətraf qəsəbələrin sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na əsasən aparılıb. Bina müasir səviyyədə əsaslı təmir olunub. Təhsil müəssisəsinin yerləşdiyi ərazinin sahəsi 11 min kvadratmetrdir. 984 şagird yerlik məktəbdə tədrisin müasir səviyyədə qurulması üçün hər cür şərait yaradılıb. Tədris müəssisəsi lazımi avadanlıqla tam təchiz olunub.

    Dövlətimizin başçısı məktəb-liseydə yaradılan “Sağlam təhsil” sinifləri ilə də tanış oldu. “Sağlam təhsil-sağlam millət” layihəsinin məqsədi məktəblərdə şagirdlərin sağlamlığının qorunması və təhsil nailiyyətlərinin yüksəldilməsindən ibarətdir. Ümumtəhsil müəssisələrində bu pilot layihənin tətbiqinə 2014-2015-ci tədris ilindən başlanılıb, ötən tədris ilində paytaxtdakı 27 tam orta məktəbdə 36 sinifdə icra edilib. Layihə 2017-2018-ci tədris ilində isə 40 sinfi əhatə edəcək.

    Prezident İlham Əliyevin ölkədə təhsilin inkişafına göstərdiyi diqqət və qayğı, bu sahəni dövlət siyasətinin mühüm prioritetləri sırasına daxil etməsi təsadüfi deyil. Ulu öndər Heydər Əliyevin də dediyi kimi, təhsil millətin gələcəyidir. Son illər bu istiqamətdə görülən tədbirlər tədris prosesinin günün tələbləri səviyyəsində qurulmasına imkan verən müasir məktəb binalarının inşası prosesini daha da sürətləndirib.

    Yeni tədris ilində şagirdlərin ixtiyarına veriləcək futbol, voleybol və basketbol meydançalarında da əsaslı yenidənqurma işləri görülüb. Məktəbin həyətyanı ərazisində geniş abadlıq işləri aparılıb, işıqlandırma sistemi quraşdırılıb.

    ***

    Bakının Nizami rayonundakı 10 saylı tam orta məktəbin binasının əsaslı təmir və yenidənqurmadan sonra sentyabrın 5-də açılışı olub.

    Azərbaycan Prezidenti İlham Əliyev məktəbdə yenidənqurmadan sonra yaradılan şəraitlə tanış olub.

    Dövlətimizin başçısına məlumat verildi ki, məktəbin 1176 şagird yerlik mövcud korpusu 1979-cü ildən fəaliyyət göstərir. Məktəbin binasında bu günədək əsaslı təmir işləri aparılmamışdı. Burada da əsaslı yenidənqurma işləri “2014-2016-cı illərdə Bakı və ətraf qəsəbələrin sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na əsasən həyata keçirilib. Məktəbdə 49 sinif, 2 informatika, 3 laboratoriya otağı, idman və akt zalları, hərbi otaq və yeməkxana fəaliyyət göstərir. Yenidən qurulan məktəb binasında şagirdlərin yüksək səviyyədə təhsil almaları üçün hərtərəfli şərait yaradılıb, otaqlar dərs vəsaitləri, internet, mebel-inventar və digər zəruri avadanlıqla təchiz edilib. Təhsil müəssisəsinin həyətində abadlıq işləri aparılıb, yaşıllıqlar salınıb, işıqlandırma sistemi quraşdırılıb.

    Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafının sürətləndirilməsi ilə bağlı qəbul edilən xüsusi Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlər planına uyğun olaraq bütün sosial sahələrdə olduğu kimi, təhsil müəssisələrinin əsaslı şəkildə yenidən qurulması, yeni məktəb binalarının, uşaq bağçalarının inşası prosesi məqsədyönlü şəkildə uğurla həyata keçirilir. Paytaxtda və ətraf qəsəbələrdə, eləcə də respublikanın hər yerində orta məktəb binaları yüksək standartlara uyğun şəkildə yenidən qurulur və lazımı avadanlıqla təchiz edilir, təhsil müəssisələrinin ərazilərində abadlıq işləri həyata keçirilir, yeni yaşıllıq zolaqları salınır. Beləliklə, məktəblərin maddi-texniki bazasının gücləndirilməsi istiqamətində mühüm işlər görülür. Təhsil sahəsində görülən bütün bu işlər Azərbaycanda insan kapitalının daha da inkişaf etdirilməsi məqsədinə xidmət edir.

    Baxış sayı:
    54
    Müəllif:
    Baku today
    BÜTÜN XƏBƏRLƏR
    Digər xəbərlər

    Günün Fotosu
    Naxçıvanda yeni bəbir ailəsi aşkar edilib
    İtkinlər
     Diqqət! Məktəbli uşaqlar Bakı metrosunda itirdiklərini axtarırlar

    Valyuta hesablama
    23-10-2017
  • Hesabla
  • bakutoday.az | © 2012 - 2017
    © Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad
    mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq
    keçidin qoyulması mütləqdir.

    Paylaşım:
  • HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ


  • Design By
    Site by Javid Sultanov Studio