SON XƏBƏR
  • 07.11.2017 - 07:06
    Eldar Mahmudovun həbsi gözlənilir? – YENİ FOTOLAR
    Eldar Mahmudovun həbsi gözlənilir? – YENİ FOTOLAR

    Qardaşı oğlunun tutulmasından sonra sabiq naziri istintaqa çağırıb 5 saat dindirdilər; onun istintaq idarəsinin qarşısında şəkilləri yayıldı; bu həftə keçmiş MTN şefinə ittiham elan edilə bilər.

    Bu barədə Musavat.com iddia edir.

    Sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudov noyabrın 6-da 5 saat ərzində müstəntiq tərəfindən dindirilib. Sabiq nazir ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) vəzifəli şəxsləri barəsində Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində istintaq edilən cinayət işi üzrə dindirilib.

    Bundan əvvəl Baş Prokurorluq E.Mahmudovun əmisi oğlu, faktiki köməkçisi, “qara kassası” olmuş, de-yure isə MTN-nin Antiterror Mərkəzinin şöbə rəisinin müavini vəzifəsində işləmiş polkovnik-leytenant Vüqar Mahmudov eyni iş üzrə istintaqa çağırılıb və təqsirləndirilən şəxs qismində cəlb edilib. V.Mahmudova dövlət əmlakını mütəşəkkil dəstə tərkibində külli miqdarda mənimsəmə, ayrı-ayrı vətəndaşların əmlakını hədə-qorxu ilə tələb etmə, əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyin tələblərini kobud surətdə pozma, vəzifə saxtakarlığı, eləcə də, tamahkarlıq və şəxsi maraqlarına görə qulluq mövqeyindən sui-istifadə əməllərinə görə ittihamlar elan olunub. Bakı Hərbi Məhkəməsinə aparılaraq barəsində 4 aylıq həbs-qətimkan tədbiri seçilib. Məsələ ilə bağlı gununsesi.info-nun əldə etdiyi informasiyada deyilir ki, sabiq MTN şefi noyabrın 6-da cinayət işi üzrə dindirilmək üçün Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər Üzrə İstintaq İdarəsinə çağırılıb.

    Məlumatda qeyd olunur ki, Eldar Mahmudov nə az, nə çox, düz 5 saatdan artıq dindirildikdən sonra sərbəst buraxılıb. Həmçinin o da bildirilir ki, keçmiş milli təhlükəsizlik naziri yaxın günlərdə yenidən Baş Prokurorluğa çağırılacaq. Bu arada, sayt əməkdaşı Eldar Mahmudovla əlaqə saxlayıb, açıqlama almaq istəyib.  Sabiq MTN rəhbərinin mobil telefonuna onun həyat yoldaşı cavab verib. Sabiq MTN şefinin həyat yoldaşı Eldar Mahmudovu nə üçün axtardığını soruşub. Keçmiş nazirin Baş Prokurorluğa çağırılması ilə bağlı məsələyə aydınlıq gətirməsi üçün nəzərinə çatdırıldıqda o, bildirib ki, Eldar Mahmudovun danışmaq imkanı yoxdur.

    Musavat.com-un əməkdaşı isə qeyri-rəsmi mənbələrdən belə məlumat alıb ki, E.Mahmudovu həftəsonu istintaqa çağırıb ittiham elan edəcəklər. Sabiq nazirin əmisi oğlunun təqsirləndirildiyi iş üzrə əsas fiqur olması haqda ifadələrin də olduğu bildirilir.

    “Yeni Müsavat”ın əməkdaşı məsələ ilə bağlı Baş Prokurorluğun mətbuat xidməti ilə əlaqə saxlayıb. Xidmətdən bildiriblər ki, sabiq nazirlə bağlı yaxın günlərdə ictimaiyyətə açıqlama veriləcək.

    Nəzərə çatdıraq ki, “MTN işi” üzrə məhkəmə proseslərinin gedişində E.Mahmudovun məsuliyyətə cəlb olunması məsələsi dəfələrlə qaldırılmışdı. Hətta məhkəmələrdən birində Eldar Mahmudovla bağlı xüsusi qərardad da çıxarılmışdı. Hüquqşünaslar bildirirdilər ki, əslində, MTN olaylarına görə ən böyük məsuliyyət Eldar Mahmudovun üzərinə düşür. Çünki onun xəbəri olmadan bu cür böyük qanunsuzluqlar baş verə bilməzdi.

    Baş prokuror Zakir Qaralov isə bir neçə ay öncə jurnalistlərin Eldar Mahmudovun məsuliyyətə cəlb olunması məsələsinə dair sualına “araşdırmalar davam edir, məsuliyyəti olan hər kəs istintaqa cəlb ediləcək və cəzasını alacaq” demişdi.

    Musavat.com saytı sabiq MTN rəhbərinin Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsindən çıxarkən çəkilmiş fotolarını əldə edib.

    Baxış sayı:
    144
    Müəllif:
    Baku today
    BÜTÜN XƏBƏRLƏR
    Digər xəbərlər

    Günün Fotosu
    İtkinlər
     Diqqət! Məktəbli uşaqlar Bakı metrosunda itirdiklərini axtarırlar

    Valyuta hesablama
    23-06-2018
  • Hesabla
  • bakutoday.az | © 2012 - 2018
    © Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad
    mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq
    keçidin qoyulması mütləqdir.

    Paylaşım:
  • HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ


  • Design By
    Site by Javid Sultanov Studio