Azərbaycanın milli aviadaşıyıcısı (AZAL) üç “Airbus A320Neo” təyyarəsi alıb. Bu barədə aviaşirkətin məlumatında deyilir.
“AZAL 2030-cu ilə qədər
inkişaf strategiyası çərçivəsində donanmasını yeni müasir dar gövdəli “Airbus
A320Neo” və geniş gövdəli “Boeing 787-8 Dreamliner” təyyarələri ilə yeniləyəcək.
Aviaşirkət üç Airbus A320Neo təyyarəsi alıb və onlar artıq uçuşları həyata
keçirməyə başlayıblar”, - aviaşirkətin məlumatında qeyd olunur.
“Airbus A320Neo” uçuş
zamanı sərnişinlərə əlavə rahatlıq təmin edən ən son texnologiyalarla təchiz
olunmuş müasir ekonom təyyarədir. Təyyarələr sərnişinlər üçün daha da böyük
rahatlıq təmin edən müasir səs izolyasiyası sistemi ilə seçilir. “Airbus
A320Neo” həm də öz sinfində daha səmərəli və ekoloji cəhətdən təmizdir.
“Aviaşirkətin
donanmasının müasir 186 ekonom sinif oturacaqlı “Airbus A320Neo” təyyarələri ilə
genişləndirilməsi AZAL-ın beynəlxalq aviasiya bazarında mövqeyini möhkəmləndirəcək,
rəqabət qabiliyyətinə töhfə verəcək və əhalinin tədricən daha əlverişli qiymətlərlə
aviabiletlərin əldə edilməsinə imkan yaradacaq”, - aviadaşıyıcı qeyd edir.
Hazırda AZAL “Boeing
787”, “Boeing 767”, “Boeing 757”, eləcə də “Airbus 340”, “Airbus 320”, “Airbus
319” və “Embraer 190” təyyarələrini istismar edir