"Azercell Telecom"un peşəkarları “İT-Akademiya"nın tələbələri ilə təcrübələrini bölüşüb


Ölkənin lider mobil operatoru “Azercell Telekom” MMC-nin mütəxəssisləri Azərbaycan Dövlət Neft və Sənaye Universitetində “İT-Akademiya” layihəsinin tələbələri üçün "İT-də yeni mütəxəssislərin istiqamətləndirilməsi" və “Öz brendini yarat” kimi aktual mövzuları əhatə edən təlim-seminar proqramı ilə çıxış ediblər.

Elm və Təhsil Nazirliyi və İqtisadiyyat Nazirliyinin təşəbbüsü ilə həyata keçirilən “İT-Akademiya” layihəsinin bu təlimində 60-a yaxın tələbə iştirak edib.

Tədbir çərçivəsində "Azercell"in İnsan Resursları departamentinin Transformasiya və Təşkilatı İnkişaf üzrə eksperti, "Azercell Akademiyası"nın təlimçisi Vahidə Orucova və "Azercell"in İnsan Resursları departamentinin Transformasiya üzrə konsultantı Fəxri Qurbanov iştirakçılara İT sahəsində uğurlu karyera qurmağın yolları və peşəkar inkişaf imkanları barədə məlumat təqdim edib, onları maraqlandıran sualları cavablandırıblar.

Fəaliyyət dövrü ərzində ölkədə yeni İT mütəxəssisləri nəslinin akademik və peşəkar inkişafına davamlı olaraq töhfə verən “Azercell Telekom” bu istiqamətdə öz fəaliyyətini davam etdirəcək.