Azərbaycan Xarici İşlər
Nazirliyinin (XİN) sözçüsü
Ayxan
Hacızadə hesab edir ki, Vaşinqton Ermənistanı öz öhdəliklərini yerinə yetirməyə
və Azərbaycanın Qarabağ iqtisadi rayonunda qanunsuz fəaliyyətini dayandırmağa
çağırmalıdır.
Xatırladaq ki, çərşənbə
axşamı keçirilən brifinqdə ABŞ Dövlət Departamentinin spikeri Ned Prays ABŞ-ın
Laçın-Xankəndi yolu (Laçın yolu) ətrafındakı vəziyyətdən narahatlığını bildirərək,
həmin yol ilə ticarət və fərdi səfərlər də daxil olmaqla, sərbəst hərəkətin tam
bərpasına çağırıb.
"Azərbaycanın
Qarabağ bölgəsinə yük çatdıran 1 mindən çox nəqliyyat vasitəsi sizin (Prays -
İF) yanvarın 24-də dediklərinizin əksini sübut edir. Ermənistan tərəfini öhdəliklərini
yerinə yetirməsi (üçtərəfli razılaşmalar çərçivəsində - İF) və qanunsuz fəaliyyəti
dayandırmasına çağırmaq məqsədəuyğun olardı!", - Hacızadə bu gün Twitter
hesabında brifinqdə Praysın açıqlamalarına cavab olaraq yazıb.
2022-ci il dekabrın 12-dən
etibarən Azərbaycanın ekofəalları və QHT nümayəndələri Qarabağ iqtisadi
rayonunda Şuşa-Xankəndi avtomobil yolunda regionda faydalı qazıntı
yataqlarının, xüsusilə, Qızılbulaq qızıl və Dəmirli mis-molibden yataqlarının
qanunsuz istismarına qarşı etiraz aksiyası keçirirlər.