Yanvarın
23-də Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini, sədr vəzifəsini
müvəqqəti icra edən, gömrük xidməti general-leytenantı Şahin Bağırov Ümumdünya
Gömrük Təşkilatı (ÜGT) Potensialın Gücləndirilməsi Direktoratlığının direktoru
Taeil Kang ilə görüşüb.
ÜGT
ilə Azərbaycan gömrüyü arasındakı səmərəli və işgüzar əlaqələrdən bəhs edən
Şahin Bağırov gömrük sahəsində müasir çağırışların, həllərin və
texnologiyaların öyrənilməsində beynəlxalq əməkdaşlığın mühüm rol oynadığını
diqqətə çatdırıb. O da vurğulayıb ki, gömrük işinin elmi əsaslar, institusional
yanaşmalar üzərində qurulması, qabaqcıl təcrübələrin öyrənilməsi və təbliğində
ÜGT mühüm rol oynayır. Görüşdə gömrük sistemində risklərin təhlili,
dəyərin müəyyənləşdirilməsi, məlumatların analiz edilməsi və digər sahələrdə
Azərbaycan gömrükçüləri üçün təlimlərin keçirilməsi, “Orta Dəhliz” üzrə
yükdaşımalarda rəqəmsal həllərin tətbiqi hesabına tranzitin sadələşdirilməsi
istiqamətində əməkdaşlığın gücləndirilməsinə diqqət çəkilib.
ÜGT-nin
Potensialın Gücləndirilməsi Direktoratlığının direktoru Taeil Kang təmsil
etdiyi qurumla Azərbaycan gömrüyü arasındakı əlaqələrdən, ÜGT-nin ölkəmizdə
yerləşən regional mərkəzlərinin fəaliyyətindən məmnunluqla bəhs edib,
əməkdaşlığın daha da gücləndirilməsinin vacibliyini vurğulayıb.
Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran
məsələlər ətrafında fikir mübadiləsi aparılıb, birgə əməkdaşlığın
perspektivləri müzakirə edilib.