II Bakı Elm Olimpiadası keçiriləcək
Bakı şəhərində yerləşən ümumi təhsil müəssisələrinin
şagirdləri arasında II Bakı Elm Olimpiadası keçiriləcək.
Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi
münasibətilə Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) və Bakı Ali Neft Məktəbinin
birgə təşkilatçılığı ilə keçirilən olimpiadanın əsas məqsədi şagirdlərin təbiət
elmlərinə (fizika, kimya, biologiya) olan marağını daha da artırmaq, bu sahədə
nəzəri-təcrübi biliklərini təkmilləşdirmək, onların praktik və yaradıcılıq
bacarıqlarının inkişaf etdirilməsinə şərait yaratmaq, istedadlı şagirdləri
aşkar etməkdən ibarətdir.
Olimpiada 8-ci və 9-cu sinif şagirdləri arasında 2 mərhələdə
təşkil olunacaq.
Olimpiadanın I mərhələsində iştirak edəcək komandalar
5 fevral 2023-cü il tarixinədək elektron qeydiyyatdan
(https://forms.gle/gM8uRV8nMWrCm5EP7) keçməlidirlər.
Olimpiadanın I mərhələsində (18 fevral) ən yüksək nəticə
göstərən 24 komanda olimpiadanın II-final mərhələsində iştirak üçün vəsiqə
qazanacaq.
I mərhələdə iştirakçılar 3 saat ərzində hər fənn üzrə
15 sualdan (ümumilikdə 45 sual) ibarət test tapşırıqlarını, final mərhələsində
isə 3 saat ərzində hər fənn üzrə 5 qapalı və 1 açıq tipli tapşırığını
(ümumilikdə 15 qapalı və 3 açıq tipli tapşırıq) və növbəti 3 saat ərzində hər fənn
üzrə 1 təcrübə işini (ümumilikdə 3 təcrübə işi) yerinə yetirməlidirlər.
Qaliblərə BŞTİ tərəfindən diplom, medal və hədiyyələr
təqdim ediləcək. Həmçinin final mərhələsinə keçən komandalar arasından ən yüksək
bal toplayan komandalar və şagirdlər diplomla təltif olunacaq.