2022-ci il ərzində Rəqəmsal İnkişaf və Nəqliyyat
Nazirliyi yanında Kosmik Agentlik ("Azərkosmos") tərəfindən dünyanın
42 ölkəsinə 26,6 milyon ABŞ dolları dəyərində xidmət (peyk telekommunikasiya
xidmətləri və optik peyk xidmətləri) ixrac edilib.
Bu barədə İqtisadi İslahatların Təhlili və
Kommunikasiya Mərkəzinin təqdim etdiyi "İxrac icmalı"nın yanvar
sayında bildirilir.
İcmala görə, bu 2021-ci illə müqayisədə 1 ölkə çox,
gəlirlər isə 63,36 % (28,7 milyon ABŞ dolları) azdır.
"Azərkosmos"un xidmət ixracından əldə
etdiyi gəlir onun ümumi gəlirlərinin 82 %-ini təşkil edib. 2022-ci ilin dekabr
ayında isə "Azərkosmos" dünyanın 36 ölkəsinə 2,3 milyon ABŞ dolları dəyərində
xidmət ixrac edib. Bu da müvafiq dövrlə müqayisədə 4 ölkə çox, gəlirlər isə
23,33 % azdır.
2022-ci il ərzində peyk telekommunikasiya və optik peyk xidmətlərinin ixracının ilk beşliyində isə 6,5 milyon ABŞ dolları ilə Birləşmiş Krallıq, 6 milyon ABŞ dolları ilə Fransa, 4,3 milyon ABŞ dolları ilə Lüksemburq, 2,2 milyon ABŞ dolları ilə BƏƏ və 1,5 milyon ABŞ dolları ilə Pakistan qərarlaşıb.