Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
fevralın 1-də Türkiyə Respublikasının milli təhsil naziri Mahmut Özeri və
Türkiyə Böyük Millət Məclisinin (TBMM) bir qrup üzvünü videokonfrans formatında
qəbul edib.
Görüşün videokonfrans formatında keçirilməsinə səbəb
Türkiyə nümayəndə heyətinin üzvlərində COVID-19 testinin nəticəsinin pozitiv
çıxmasıdır.
Azərbaycanla Türkiyə arasında dostluq və qardaşlıq
münasibətlərinin bütün sahələrdə uğurla inkişaf etdiyini deyən dövlətimizin
başçısı Mahmut Özerin və Türkiyə Böyük Millət Məclisinin bir qrup üzvünün ölkəmizə
səfərinin önəminə toxundu və bu səfərin əlaqələrimizin daha da genişlənməsi
işinə töhfə verəcəyinə ümidvar olduğunu bildirdi.
Təhsil sahəsində əməkdaşlıqda böyük nailiyyətlərin əldə
olunduğunu bildirən Prezident İlham Əliyev iki ölkənin dövlət başçılarının
razılaşdırdığı kimi Azərbaycan-Türkiyə birgə universitetinin yaradılmasının
böyük önəm daşıdığını dedi.
Mahmut Özer Türkiyə Prezidenti Rəcəb Tayyib
Ərdoğanın salamlarını dövlətimizin başçısına çatdırdı.
Prezident İlham Əliyev salamlara görə minnətdarlığını
bildirdi, onun da salamlarını Rəcəb Tayyib Ərdoğana çatdırmağı xahiş etdi.
Mahmut Özer Azərbaycan Respublikasının Tehrandakı səfirliyinin
binasında törədilən terror aktı zamanı mühafizə xidmətinin rəhbəri Orxan Əsgərovun
həlak olması ilə bağlı Prezident İlham Əliyevə başsağlığı verdi.
Dövlətimizin başçısı başsağlığına görə minnətdarlığını
bildirdi. Prezident İlham Əliyev səfirliyin digər mühafizə əməkdaşının qəhrəmanlığı
nəticəsində terrorçunun zərərsizləşdirildiyini və bununla da silahlı şəxsin səfirliyin
başqa əməkdaşlarına və onların ailə üzvlərinə hücumunun qarşısının alındığını
vurğuladı. Dövlətimizin başçısı hazırda Azərbaycan tərəfindən bu terror aktının
hərtərəfli şəkildə araşdırıldığını diqqətə çatdırdı. Prezident İlham Əliyev
vurğuladı ki, həmin şəxsin səfirliyimizin binasında törətdiyi terror hadisəsi
prosesinin xeyli vaxt çəkməsinə baxmayaraq, İranın polis və təhlükəsizlik qüvvələri
tərəfindən hər hansı ciddi tədbir görülməyib.
İkinci Qarabağ müharibəsində Azərbaycanın Zəfəri
münasibətilə bir daha təbriklərini çatdıran qonaq bildirdi ki, xalqlarımız ən çətin
dövrlərdə həmişə bir-birinin yanında olub.