Rusiya XİN yanvarın
26-da yaydığı bəyanatda Avropa İttifaqının Ermənistan-Azərbaycan sərhədinə
Monitorinq Missiyası göndərmək qərarını kəskin şəkildə tənqid edib. Bu sənədin
mətnin dili diplomatiyadan uzaqdır və təhdid kimi görünür.
"Rusiyanın
Zaqafqaziyada regiondankənar amilin möhkəmlənməsi ilə bağlı prinsipial mövqeyi
dəyişməyib. Avropa "ekspertlərinin" Ermənistan-Azərbaycan sərhədindəki
hadisələrə nəzarət etməsinin heç bir "əlavə dəyərini" görmürük.
Brüssel Zaqafqaziyada sülhdə həqiqətən maraqlı olsaydı, öz missiyasının iş şərtlərini
Azərbaycanla razılaşdırardı. ABŞ və NATO-nun əlavəsi kimi ortaya çıxan və MDB məkanında
qarşıdurma siyasəti yürüdən Avropa İttifaqının nümayəndələrinin Ermənistanın sərhəd
rayonlarında peyda olması yalnız regiona geosiyasi qarşıdurma gətirə və mövcud
fikir ayrılıqlarını daha da gücləndirə bilər", deyə sənəddə bildirilir.
"Aİ
missiyasının bəyan edilmiş mülki xarakteri də yanıltmamalıdır - o, bütün
sonrakı nəticələri ilə birlikdə Aİ-nin təhlükəsizlik və müdafiə sahəsində Ümumi
Siyasəti çərçivəsində formalaşır.
Avropa İttifaqının nə bahasına olursa olsun, Ermənistanda
möhkəmlənmə, Rusiyanın vasitəçilik səylərini sıxışdırmaq cəhdləri regionun
dinci inkişaf yoluna qaytarılması səylərində ermənilərin və azərbaycanlıların
köklü maraqlarına zərər vura bilər.
Əminik ki, regionda yaxın gələcəkdə əsas sabitlik və
təhlükəsizlik amili Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 9 noyabr
2020-ci il tarixli bəyanatı əsasında yerləşdirilmiş Rusiya sülhməramlı
kontingenti, habelə Ermənistan sərhədlərində xidmət çəkən Rusiya sərhədçiləridir.
Onlar
Aİ müşahidəçilərinin davranışına "yerdə" vəziyyətin inkişafını nəzərə
almaqla reaksiya verəcəklər", deyə sənəddə vurğulanır.
"Qeyd edirik ki,
Yerevan KTMT missiyasının göndərilməsi işini məntiqi sona çatdırmadan Aİ-nin
xeyrinə seçim etməyə üstünlük verib. Erməni müttəfiqlərimizin KTMT-nin
potensialının cəlb edilməsinə marağı qalırsa, onun missiyası operativ olaraq
Ermənistana yerləşdirilə bilər.
Əvvəllər də olduğu
kimi, hesab edirik ki, Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasının
və bütünlükdə regionda vəziyyətin düzəlməsinin ən dayanıqlı və uzunmüddətli əsasını
Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 9 noyabr 2020, 11 yanvar, 26
noyabr 2021 və 31 oktyabr 2022-ci il tarixli üçtərəfli razılaşmalarının, o cümlədən
bütün nəqliyyat əlaqələrinin və iqtisadi əlaqələrin açılması, Ermənistan-Azərbaycan
sərhədinin delimitasiyası və demarkasiyası, Azərbaycan və Ermənistan arasında
sülh sazişinin parametrlərinin razılaşdırılması, ictimaiyyət, ekspert dairələri
və parlamentarilərin xətti ilə üçtərəfli əlaqələrin inkişafı haqqında
razılaşmaların ciddi və ardıcıl şəkildə həyata keçirilməsi təşkil edir",
deyə Rusiya XİN-in şərhində qeyd edilir.
*Xatırladaq ki,
yanvarın 23-də Aİ Şurası Ermənistanda 2 illik yeni mülki missiyanın təsis edilməsi
haqqında qərar qəbul edib.