Azərbaycan Respublikası Prezidenti İlham Əliyev
“Gömrük tarifi haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişiklikləri təsdiq
edib.
Dövlət başçısının dəyişikliklərin tətbiqi barədə fərmanına
əsasən, avadanlıq, cihaz, qurğu və təhsil fəaliyyəti məqsədilə digər vasitələrin
müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiqedici
sənədi əsasında dövlət ümumi təhsil müəssisələri tərəfindən idxalı 2023-cü il
yanvarın 1-dən 2 il müddətinə gömrük rüsumundan azad edilir.
Bu güzəştlər təhsil müəssisələrinin maddi-texniki
bazasının möhkəmləndirilməsinə yönəldilib.
Dövlət ümumi təhsil müəssisələri tərəfindən idxalı
gömrük rüsumlarından azad edilən avadanlıq, cihaz, qurğu və təhsil fəaliyyəti məqsədilə
digər vasitələrin siyahısı Nazirlər Kabineti tərəfindən təsdiq ediləcək.
Bundan başqa, qanunda dəyişikliklər işğaldan azad
edilmiş ərazilərdə fəaliyyət göstərən rezidentləri də əhatə edir. Dəyişikliklərə
əsasən, texnoloji avadanlıqların, texnikanın, qurğuların, xammal və
materialların ölkəyə idxalı 10 il müddətinə gömrük rüsumundan azad edilir. Güzəştlər
2023-cü il yanvarın 1-dən qüvvədə minir.
Bununla əlaqədar Nazirlər Kabinetinə işğaldan azad
edilmiş ərazilər üzrə idxalı gömrük rüsumlarından azad edilən iqtisadi fəaliyyət
sahələri və mal nomenklaturaları üzrə texnikanın, texnoloji avadanlıqların və
qurğuların, habelə xammal və materialların siyahısını bir ay müddətində təsdiq
etmək tapşırılıb.*