AMB sədri fiziki şəxslərin əmanətləri üzrə gəlirlərdən 10% vergi tutulmasını şərh edib


AMB sədri fiziki şəxslərin əmanətləri üzrə gəlirlərdən 10% vergi tutulmasını şərh edib

Azərbaycan Mərkəzi Bankında (AMB) hesab edirlər ki, fiziki şəxslərin əmanətləri üzrə gəlirlərin10% dərəcə ilə vergiyə cəlb edilməsi bankların depozit bazasına ciddi təsir göstərməyəcək. Bunu AMB-nin sədri Taleh Kazımov bu gün keçirilən mətbuat konfransında deyib.

“Hesab edirik ki, banklar həmin xərcləri öz depozit faizlərində əks etdirəcək. Düşünürük ki, depozitlərin banklardan çıxmaması və maliyyə sabitliyinin qorunması üçün banklar depozit faizlərini 10% vergi nəzərə alınmaqla artıracaq. Buna görə də bunda böyük problem görmürük”, - deyə o bildirib.

Sədr vurğulayıb ki, depozit faizlərinin artırılması kredit faizlərinə təsir edə bilər. Vəziyyəti qiymətləndirmək üçün müəyyən vaxt lazımdır”, - deyə o əlavə edib.

Mərkəzi Bankın baş direktoru Toğrul Əliyev isə qeyd edib ki, Vergi Məcəlləsinə əsasən, son 7 ildə depozit gəlirlərinə güzəşt tətbiq olunub və bu müddət cari ilin fevral ayının 1-də başa çatıb.

“Depozit gəlirlərinin vergiyə cəlb olunması qanunvericiliyin tələbidir. Bu, maliyyə sabitliyi üçün hər hansı təhdid yaratmır və bankların depozit portfelinin dəyişməsinə təsir göstərməyəcək. Araşdırmalar göstərir ki, bu, böyük xərclərə gətirib çıxarmayacaq”, - deyə o bildirib.

Həmçinin vurğulanıb ki, bazarın müntəzəm monitorinqi davam etdiriləcək.

Qeyd edək ki, əmanət faizlərinin vergidən azad edilməsi manatın 2015-ci ildəki ikili devalvasiyasından sonra banklardan əmanət axınının qarşısını almaq üçün atılmış addımlardan biridir.