Turin şəhəri “Avroviziya” beynəlxalq mahnı müsabiqəsinin
estafetini Liverpula təhvil verib.
Böyük Britaniyanın Liverpul şəhərindəki “Müqəddəs
Georgi” zalında yarımfinalçıların püşkatma mərasimi də daxil olmaqla,
“Avroviziya” mahnı müsabiqəsi rəsmi start götürüb. Səsvermənin yeni qaydalarına
əsasən, finala vəsiqə bütün dünya üzrə tamaşaçıların səsverməsinin nəticələrinə
əsasən müəyyən olunacaq.
2022-ci ildə “Kalush Orchestra” qrupunun qələbəsinə
baxmayaraq, Ukrayna Rusiyanın hərbi təcavüzü və təhlükəsizlik səbəbindən
müsabiqəni qəbul edə bilməyib. Nəticədə ikinci yeri tutan Böyük Britaniya
“Avroviziya” müsabiqəsini keçirmək hüququ əldə edib.
Püşkatmaya əsasən, Azərbaycan yarımfinalda birinci
qrupunda yarışacaq. Bu qrupda ölkəmizlə yanaşı, Serbiya, Latviya, İrlandiya,
Norveç, Portuqaliya, Xorvatiya, Malta, İsveç, Moldova, İsveçrə, İsrail,
Niderland, Finlandiya və Çexiya yer alıb. Ümumilikdə isə Liverpulda keçiriləcək
müsabiqəyə 37 ölkə nümayəndələrini göndərəcək.
Müsabiqənin əsasını qoyan ölkələr – Almaniya,
İtaliya, Fransa, Böyük Britaniya, İspaniya, həmçinin ötən ilin qalibi Ukrayna
avtomatik olaraq finalda iştirak edəcək.
“Avroviziya” mahni müsabiqəsi 1956-cı ildən başlayaraq
(pandemiya səbəbindən ləğv edildiyi 2020-ci il istisna olmaqla) hər il
keçirilir. O, dünyada 160 milyon tamaşaçı ilə ən çox izlənən əyləncə şousudur.
Şüarı “Musiqi ilə birləşənlər” olan müsabiqənin
yarımfinalları və finalı may ayının 9, 11 və 13-də keçiriləcək.