Yanvarın
23-də xarici ticarət iştirakçıları və gömrük təmsilçiləri ilə daha bir görüş
Hava Nəqliyyatında Baş Gömrük İdarəsində təşkil edilib.
Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, görüşün
keçirilməsində əsas məqsəd sahibkarları “Şəxsi hesab vərəqəsi” elektron xidməti
haqqında geniş məlumatlandırmaq olub.
Hava
Nəqliyyatında Baş Gömrük İdarəsinin rəisinin birinci müavini Anar Cahangirov
çıxış edərək “Şəxsi hesab vərəqəsi” elektron xidmətin əhəmiyyətindən danışıb,
pilot variantda istifadəyə verilən yeni elektron xidmətin biznes fəaliyyətinin
daha səmərəli təşkilinə töhfə verəcəyini diqqətə çatdırıb.
Daha
sonra Dövlət Gömrük Komitəsi Gömrük Ödənişləri İdarəsinin rəisi Tariyel
Alverdiyev son dövrlərdə Komitə tərəfindən tətbiq edilən yeni layihələr və
“Şəxsi hesab vərəqəsi” elektron xidməti ilə bağlı geniş təqdimatla çıxış edib.
Qeyd edilib ki, “Şəxsi hesab vərəqəsi” elektron xidməti idxal-ixrac
əməliyyatları zamanı gömrük bəyannamələri üzrə hesablamaların, gömrük və digər
ödənişlərin uçotunun vahid platforma üzərindən reallaşdırılmasına, maliyyə-uçot
sisteminin düzgün qurulmasına imkan verir.
Tədbirdə
“Şəxsi hesab vərəqəsi” elektron xidməti ilə bağlı videoçarxlar da nümayiş
etdirilib. Dövlət Gömrük Komitəsinin əməkdaşları sözügedən elektron xidmətindən
istifadə qaydalarını canlı olaraq izah ediblər.
Görüşün sonunda sahibkarların və gömrük
təmsilçilərinin fikir və rəyləri öyrənilib, onları maraqlandıran suallar
ətraflı cavablandırılıb.