Fevralın 1-də Milli Olimpiya Komitəsinin (MOK) Ədalətli
Oyunlar Komissiyasının sədri, güləş üzrə Avropa və dünya çempionu Xəzər
İsayevin 60 illik yubileyi qeyd olunub.
MOK-da keçirilən yubiley tədbirində əvvəlcə
X.İsayevin həyatından və qazandığı uğurlardan bəhs edən videoçarx nümayiş
olunub.
MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə tədbirdə
çıxış edərək yubilyarın yüksək insani keyfiyyətlərindən danışaraq bildirib: “Hər
ikimiz 1997-ci ildə Milli Olimpiya Komitəsinə vitse-prezident seçilmiş və 24 il
çiyin-çiyinə idmanın inkişafı üçün çalışmışıq”.
X.İsayevin Azərbaycanda idmanın inkişafına verdiyi
töhfələrdən danışan Ç.Hüseynzadə yubilyara gələcək fəaliyyətində uğurlar
arzulayıb.
Gənclər və idman naziri Fərid Qayıbov X.İsayevin
idman karyerasını bitirdikdən sonra fəaliyyətini bu sahə üzrə davam
etdirdiyini, perspektivli güləşçilərin yetişməsində mühüm rol oynadığını və
idmanda ədalət prinsiplərinin təbliğini həmişə diqqət mərkəzində saxladığını
diqqətə çatdırıb.
Yubilyarın səmimi və mehriban insan olduğunu
vurğulayan nazir X.İsayevin təkcə Azərbaycanda deyil, ölkə xaricində də böyük
nüfuza sahib olduğunu qeyd edib.
Milli Məclis sədrinin müavini, parlamentin Gənclər
və idman komitəsinin sədri Adil Əliyev ölkəmizdə idmana göstərilən dövlət
qayğısından danışaraq deyib ki, əsası Ulu Öndər Heydər Əliyev tərəfindən
qoyulan uğurlu idman siyasəti bu gün dövlətimizin başçısı İlham Əliyev tərəfindən
uğurla davam etdirilir. Azərbaycan idmançıları həmin uğurlu siyasəti dəstəkləyənlərdir.
Məhz həmin idmançılar ölkəmizi dünyada layiqincə təmsil edir, qalib xalqın
nümayəndələri olduqlarını sübut edirlər.
“X.İsayev gənclər üçün örnəkdir. Həmçinin o, Azərbaycan
idmanı üçün dəyərli bir şəxsiyyətdir. Onunla tanışlığım 80-ci ilin sonlarına təsadüf
edir. X.İsayevə hamı hörmətlə yanaşır və o da həmişə idmançıların yanında olur.
Ölkəmizin güləş idman növündə əldə etdiyi uğurlarda məhz X.İsayevin də böyük
payı var”, - deyə A.Əliyev əlavə edib.
Milli Məclisin deputatları Rauf Əliyev, Könül
Nurullayeva, tanınmış nasir və publisist Xeyrəddin Qoca, Bakı Şəhər Gənclər və
İdman İdarəsinin rəisi Raqif Abbasov və digərləri çıxış edərək yubilyarın
keçdiyi şərəfli həyat yolundan söz açıb, ona fəaliyyətində yeni uğurlar arzu
ediblər.
Sonda çıxış edən X.İsayev göstərilən diqqətə görə
minnətdarlığını bildirib.
Tədbirdə MOK-un
baş katibi Azər Əliyev, idman federasiyalarının rəhbərləri, Olimpiya
çempionları, idman ictimaiyyətinin nümayəndələri iştirak ediblər.