Yanvarın 25-də Azərbaycanın
qanuni lotereya təşkilatçısı və idman mərc oyunları operatoru “Azərlotereya”
ASC ilə Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) arasında əməkdaşlıq
memorandumunun imzalanması mərasimi keçirilib.
UNEC-də təşkil olunan tədbirdə
rektor, professor Ədalət Muradov, “Azərlotereya” ASC-nin İdarə Heyətinin sədri
Zafer Reisoğlu, universitetin müvafiq struktur rəhbərləri və “Azərlotereya”nın
nümayəndələri iştirak ediblər.
UNEC-in rektoru professor
Ədalət Muradov qeyri-neft sektoru üzrə ölkə iqtisadiyyatı üçün önəmli yer tutan
“Azərlotereya” ilə əməkdaşlığın hər iki tərəf üçün uğurlu olacağından, bu əməkdaşlığın
ölkəyə, eyni zamanda türk dünyasına mühüm töhfələr qazandıracağından əminliyini
ifadə edib. UNEC-in real sektorla əməkdaşlığa xüsusi önəm verdiyini diqqətə
çatdıran rektor, tələbələrin real iş dünyası ilə daha yaxından tanış olması,
karyera imkanlarının artırılması, eləcə də müəllimlərin praktiki bacarıqlarının
təkmilləşdirilməsi baxımından əməkdaşlığın əhəmiyyətli olduğunu vurğulayıb.
“Azərlotereya” ASC-nin
İdarə Heyətinin sədri Zafer Reisoğlu çıxışında birgə fəaliyyətin ölkəmizdə
biznes mühitinin inkişaf etdirilməsində həlledici rol oynayan ixtisaslı
kadrların hazırlanması və uğurlu idarəetmə metodologiyalarının elmi və praktiki
əsaslarının araşdırılması üçün əlverişli imkanlar yaratması baxımından böyük əhəmiyyət
daşıdığını vurğulayıb: “Azərlotereya” olaraq korporativ sosial məsuliyyət layihələrimizdə
təhsil istiqamətinə xüsusi yer ayırırıq. Bu baxımdan UNEC ilə əməkdaşlığımızın
bizim üçün önəmi böyükdür. Biz - “Azərlotereya” olaraq öz “know how”
yanaşmamızın və idarəetmə metodologiyamızın elmi-metodiki əsaslarının
araşdırılması və “case study”lərin formalaşması üçün bütün qaynaqlarımızı,
platformalarımızı İqtisad Universitetinin müəllim və tələbə heyətinə açacağıq. Bu
əməkdaşlığın vacib nəticələrindən biri praktiki biznes həlli yollarının elmi
yanaşmalarla birləşməsi olacaqdır”.
Z.Reisoğlu “Azərlotereya”nın
yüksək ixtisaslı işçi heyəti, eləcə də Avropanın və dünyanın öndə gələn şans
oyunları tədarükçüsü olan partnyoru “Scientific Games” şirkətinin ekspertlərinin
şans oyunları və rəqəmsal texnologiyalar bazarının qiymətli məlumatları və
imkanlarından təcrübə mübadiləsi çərçivəsində UNEC-in müəllim və tələbə heyətinin
də yararlana bilcəyini qeyd edib.
Çıxışlardan sonra “Azərlotereya”
ASC-nin İdarə Heyətinin sədri Zafer Reisoğlu ilə UNEC-in rektoru professor Ədalət
Muradov memorandum sənədini imzalayıblar.
Sənədə əsasən, tərəflər
arasında birgə layihələrin reallaşdırılması, tələbələrə təcrübə keçmək imkanının
yaradılması, “Azərlotoreya”nın əməkdaşları üçün peşə hazırlığı, müəllimlərin
praktiki biliklərinin artırılması məqsədilə təlimlərin təşkili və digər sahələrdə
əməkdaşlıq edilməsi nəzərdə tutulub.